Podaqra tutması bədənin müxtəlif nahiyələrinə təsir edə bilər.
Podaqra xəstəliyi izafi miqdarda olan sidik turşusunun toxumalarda və oynaqlarda iynəşəkilli kristallar şəklində toplanması zamanı baş verir. Podaqranın ilk simptomu bir oynaqda lokallaşmış, çox zaman xəstəlikdən və ya xəsarətdən sonra meydana çıxan şiddətli ağrı və şişkinlikdir. Pasiyentlərin 80%-də ayaqda oynaqlardan biri zədələnir, bunların 60%-i daraq-falanqa oynaqlarıdır, yəni ayaq pəncəsinin sümükləri ilə ayaq barmağı sümükləri arasında olan oynaqlardır. Topuq, çiyin və ya diz oynaqları daha az zədələnir.
Ayaqda podaqra tutmasının əlamətləri aşağıdakılardır:
- Ayaq çox ağrılıdır;
- Ayaq qızarmış, şişkinləşmiş və toxunduqda isti ola bilər;
- Ayaq toxunduqda son dərəcə həssas ola bilər.
- Qızdırma, baş ağrısı və ya zəiflik kimi digər simptomlar da meydana çıxa bilər.
Podaqra tutması nə qədər davam edə bilər?
Müalicə edilmədikdə, podaqra tutması iltihab azalana və ağrı keçib gedənədək 3 gündən 2 həftəyə qədər davam edə bilər. Zədələnmiş oynağın üzərindəki dəri, bir qayda olaraq, qaşınır və qabıqlanır.
Əgər özünüzdə podaqranın və ya podaqra tutmasının olduğundan şübhələnirsinizsə, mümkün qədər qısa müddət ərzində həkimə müraciət edin.
Podaqranın erkən diaqnostika və müalicəsi xəstəliyin gedişinə əhəmiyyətli dərəcədə təsir göstərir.