Podaqra tutması nədir?
Podaqranın ilk tutması, adətən, gecə baş verir, buna böyük miqdarda qırmızı ət yemək və ya xeyli miqdarda pivə içmək nəticəsində sidik turşusunun səviyyəsinin qəfil artması səbəb olur. Podaqra ağrılı xəstəlikdir. Ağrı zədələnmiş nahiyələrdə iltihab və şişkinlik səbəbindən yaranır. Podaqranın kəskinləşmələri saatlarla və ya günlərlə güclü ağrı ilə davam edə bilər.
Pasiyentlər bir oynaqda, bir qayda olaraq, ayaq baş barmağı oynağında güclü ağrı ilə oyanırlar. Müalicə olunmadıqda, podaqra tutması bir neçə gün davam edə bilər. İltihab hətta, oynağı əhatə edən toxumalarda qızartı və şişkinlik şəklində xaricdən görünə bilər.
Oynaqda podaqra tutmasının əlamətləri aşağıdakılardır:
- Təsirə məruz qalmış oynaq çox ağrılıdır;
- Təsirə məruz qalmış oynaq qızarmış, şişkinləşmiş və toxunduqda isti ola bilər;
- Təsirə məruz qalmış oynaq toxunduqda son dərəcə həssas ola bilər. Qızdırma, baş ağrısı, ürək döyüntülərinin tezləşməsi və ya zəiflik kimi digər simptomlar da meydana çıxa bilər.
Podaqra tutması nə qədər davam edə bilər?
Müalicə edilmədikdə, podaqra tutması iltihab azalana və ağrı keçib gedənə qədər 7 gündən 14 günə qədər davam edə bilər. Zədələnmiş oynağın üzərindəki dəri, bir qayda olaraq, qaşınır və qabıqlanır.
Podaqra tutması hansı nahiyədə baş verə bilər?
Podaqra zamanı orqanizmin müxtəlif hissələri zədələnə bilər. Erkən mərhələlərdə podaqra aşağıdakı oynaqları zədələyir:
Bundan əlavə podaqra yumşaq toxumalara, habelə böyrəklərə, ürək və bağırsaq kimi digər orqanlara da təsir göstərir.
Sizdə podaqra tutması baş verdikdə nə etməlisiniz?
Əgər özünüzdə podaqra tutmasının və ya podaqranın simptomlarının olduğunu hiss edirsinizsə, həkimlə məsləhətləşin. Həkim ağrını azaltmaq və xəstəliyi nəzarətdə saxlamaq üçün sizə müvafiq dərman preparatlarını təyin edəcəkdir. Podaqra tutmaları daha çox gecələr baş verdiyindən, bu halda təcili tibbi yardıma müraciət edin.
Ağrılı podaqra tutması zamanı nə edə bilərsiniz?
Podaqra tutması gözlənilmədən baş verir, adətən, çox ağrılı olur, purinlə zəngin olan qidalar (məsələn, qırmızı ət və dəniz məhsulları), bol miqdarda içkilər (pivə və spirtli içkilər), adət edilməmiş fiziki yüklənmə və ya infeksion xəstəlik nəticəsində baş verə bilər. Əgər gecə və ya səhər erkən oynaqda həssaslıq, şişkinlik və ağrı ilə oyanmısınızsa, tez bir zamanda tədbirlər görməlisiniz. Podaqra zamanı ağrının aradan qaldırılması üçün aşağıdakı addımları ata bilərsiniz.
Ağrının aradan qaldırılması: Nə edə bilərsiniz?
Dərman qəbul edin
Dərhal ağrıkəsici preparatlarla müalicəyə başlayın. 65 yaşdan yuxarı pasiyentlərdə, xüsusilə də böyrəklərində əhəmiyyətli dərəcədə problemlər olan şəxslərdə və anamnezində mədə xorası və mədə-bağırsaq qanaxması olan yaşlı pasiyentlərdə QSİƏP-lərin istifadəsindən çəkinmək lazımdır.
Hətta yeni podaqra tutması zamanı da həkimin sizə təyin
etdiyi dərmanları qəbul etməyə davam edin və bu barədə həkiminizi mümkün qədər qısa müddət ərzində məlumatlandırın.
Soyuq kompress qoyun
Ağrılı oynaq üzərinə dəsmala bükülmüş soyuq kompresin qoyulması ağrının və iltihabın azaldılmasına kömək edə bilər. Bu cür soyuq kompresləri gündə bir neçə dəfə 20-30 dəqiqə ərzində təkrar edin.
İstirahət etməyə çalışın və əl ağacından istifadə edin
Əgər ayaqlarınız xəstəliyin təsirinə məruz qalıbsa, onların altına yastıq qoyaraq hündürə qaldırın (döş qəfəsindən yuxarı). Bu, şişkinliyin azalmasına kömək edə bilər. Kəskin podaqra tutması zamanı başqasının yardımı və ya əl ağacı ilə hərəkət etmək ağrılı oynağa düşən təzyiqi azaltmağa kömək edə bilər.
Çoxlu maye qəbul edin
Daima çoxlu miqdarda maye qəbul etmək sidik turşusunun (oynaqda ağrının səbəbi) orqanizmdən çıxarılmasına və böyrək daşlarının əmələ gəlməsinin qarşısını almağa kömək edir. Siz gündə iki litr maye içməyə çalışmalısınız, onun ən azı yarısını su təşkil etməlidir.
Həkimlə məsləhətləşin
Podaqra tutmasının başlanmasından sonra ilk 24 saat ərzində müalicə olunmaq çox vacibdir. Müalicəyə erkən mərhələdə başladıqda, tutmanın müddəti və ağırlıq dərəcəsi azaldıla bilər.
Qida rasionunuzu dəyişin
Dəniz məhsulları, qırmızı ət, şirin çörək və sous kimi purinlə zəngin olan qida məhsullarını rasionunuzdan çıxarın.
Spirtli içkilərdən, xüsusilə də pivədən imtina edin
Tərkibində purinin miqdarı yüksək olan spirtli içkilərdən, xüsusilə də pivədən imtina etmək vacibdir. Alkoqol da həmçinin bədəndən sidik turşusunun xaric olmasına mane olur.
İstirahət etməyə çalışın
Stress podaqranın ağırlaşmasına səbəb ola bilər, buna görə də sakit olmağa və rahatlaşmağa çalışın: Film seyr edin, dostlarınızla danışın, kitab oxuyun, musiqiyə qulaq asın və meditasiya etməyə çalışın