Podaqra və sidik turşusu
Qanda sidik turşusunun səviyyəsi 6 mq/dl-dən və ya 360 mkmol/l-dən yuxarı qalxdıqda, bu vəziyyət sidik turşusu kristallarının yaranmasına səbəb ola bilər. Bu kristallar toxumalarda, oynaqlarda və ya böyrəklərdə yığıla və oynaqların iltihabına, şişkinləşməsinə və güclü ağrıya səbəb ola bilər, bu əlamətlər xəstəliyin kəskinləşməsi zamanı meydana çıxır. Bu xəstəlik podaqra adlanır.
Sidik turşusunun səviyyəsinin 6 mq/dl-dən aşağı salınması
podaqranın qarşısının alınması üçün mühüm addımdır.
Podaqra nədir?
Podaqra – artritin bir növüdür, onun əsas simptomu bir və ya bir neçə oynağın ağrılı iltihabıdır. Bu, insanın qanında sidik turşusunun səviyyəsi 6 mq/dl-dən və ya 360 mkmol/l-dən yuxarı olduqda oynaqlarda sidik turşusu kristallarının formalaşması səbəbindən yaranır. Podaqra uzun illər ərzində müxtəlif səbəblərdən, o cümlədən genetik amillər və ya purinlə zəngin olan qida rasionu nəticəsində yarana bilər. Purin qida və içkilərin tərkibində rast gələn və parçalanaraq sidik turşusu əmələ gətirən bir kimyəvi birləşmə növüdür. Purinlər normal qida rasionunun bir hissəsidir, lakin tərkibində purinlərin miqdarının çox olduğu qida məhsulları podaqranın inkişaf etməsinin yüksək riski ilə əlaqələndirilir. Purinlə zəngin olan qida məhsullarına pivə, qırmızı ət, krevetlər və midiyalar kimi dəniz canlıları aiddir.
Xəstəliyin erkən mərhələləri qanda sidik turşusunun səviyyəsinin 6 mq/dl-dən və ya 360 mkmol/l-dən yuxarı qalxması ilə xarakterizə olunur, bu vəziyyət "hiperurikemiya" adlanır; podaqranın əlamətləri və simptomları bir neçə il sonra meydana çıxmağa başlayır. Podaqra çoxsistemli bir xəstəlikdir, bu isə o deməkdir ki, podaqra bədənin müxtəlif hissələrini, məsələn, oynaqları, vətərləri, dərini və qulaq qığırdaqlarını zədələyə bilər. Bunun səbəbi qanda sidik turşusunun səviyyəsinin yüksəlməsidir. Podaqra xroniki xəstəlikdir, yəni insanın ömrünün sonunadək müalicə tələb edir.
Hiperurikemiya nədir?
Hiperurikemiya qanda sidik turşusunun səviyyəsinin yüksəlməsi ilə xarakterizə olunur. Hiperurikemiya simptomların meydana çıxmasına səbəb ola və ya olmaya bilər. Qanda sidik turşusunun səviyyəsinin 6 mq/dl-dən və ya 360 mkmol/l-dən yüksək olması sidik turşusu kristallarının yaranmasına səbəb ola bilər; bu kristallar toxumalarda, oynaqlarda və böyrəklərdə toplana və oynaqların iltihabına, kəskinləşmələr zamanı oynaqların şişməsinə və güclü ağrıya səbəb ola bilər. Bu – simptomatik hiperurikemiya və ya podaqra adlandırılır.
Əgər sidik turşusu kristallarının toplanmasının podaqra və ya sidik turşulu böyrək daşı xəstəliyi kimi əlamət və simptomları meydana çıxmırsa, bu vəziyyət "asimptomatik hiperurikemiya" adlandırılır.
Podaqra nə dərəcədə yayılmışdır?
Qərb ölkələrində podaqra xəstəliyindən əziyyət çəkən insanların sayı artmaqda davam edir. Bu xəstəliyə qadınların 1-2%-də, kişilərin isə 3-6%-də rast gəlinir və bu tendensiya artmaqda davam edir. Xəstəliyin yayılma səviyyəsi 80 yaşdan yuxarı kişilərdə 10%-dək, qadınlarda isə 6%-dək artır.
Podaqranın risk amilləri hansılardır?
Yaş
Pasiyentlərin əksəriyyətində podaqra 30-60 yaş arasında meydana çıxır.
Cins
Kişilər (təqribən 80%) bu xəstəlikdən daha çox əziyyət çəkirlər. Qadınlarda, bir qayda olaraq, sidik turşusunun səviyyəsi daha aşağı olur, lakin bu göstərici menopauza dövründən sonra artır.
Qida vərdişləri
Qırmızı ət və dəniz məhsullarının istifadəsi podaqranın yaranmasının daha yüksək riski ilə əlaqələndirilir, halbuki süd məhsullarında bu risk daha aşağıdır. Noxud, lobya, mərcimək, ispanaq, göbələk və gül kələmi kimi purinlə zəngin olan tərəvəzlərin orta dərəcədə istifadəsi podaqranın yaranmasının yüksək riski ilə əlaqələndirilmir.
Piylənmə
Piylənmə və artıq çəki sidik turşusunun əmələ gəlməsinin artması və orqanizmdən çıxarılmasının azalması ilə əlaqədardır. Bu səbəbdən də, piylənməsi və ya artıq çəkisi olan pasiyentlərə mütəmadi olaraq fiziki hərəkətlərlə məşğul olmaq və qida rasionlarını dəyişmək tövsiyə edilir.
Dərmanlar
Bəzi dərmanlar, məsələn tiazid diuretikləri (yüksək qan təzyiqinin müalicəsində istifadə edilirlər) və asetilsalisil turşusu (aspirin) qanda sidik turşusunun səviyyəsinin yüksəlməsinə səbəb ola bilərlər. Qanınızda sidik turşusunun səviyyəsinə təsir edə bilən dərmanların qəbulu ilə əlaqədar həkiminizlə və ya əczaçınızla məsləhətləşin.
Ailə anamnezində podaqranın olması
Əgər ailə üzvlərinizdən kimdəsə podaqra vardırsa, sizdə də podaqranın inkişaf edəcəyi ehtimalı yüksəkdir.