Sidik turşusu nədir?
Sidik turşusu orqanizmdə nuklein turşularının, eləcə də qidanın (məsələn, qırmızı ətin) parçalanması nəticəsində yaranan purinlərin parçalanması nəticəsində yaranır. Nuklein turşuları və purinlər sidik turşusuna qədər parçalandıqdan sonra, sidik turşusu böyrəklər vasitəsilə orqanizmdən xaric edilir.
Qanda sidik turşusunun normal səviyyəsi nə qədərdir?
Bəzi purinlər orqanizmdə normal proseslər nəticəsində yaranır və gündə 300-400 mq-dək sidik turşusuna çevrilir. Digər purinlər orqanizmə qida vasitəsilə daxil olur və onlar da sidik turşusuna çevrilir (gündə 300-600 mq). Sağlam insanların orqanizmində təxminən 1 q sidik turşusu vardır. Maraqlıdır ki, qanda sidik turşusunun səviyyəsi, adətən, səhərlər və axşamlar yüksək olur. Qanda sidik turşusunun normal səviyyəsi 6 mq/dl-dən və ya 360 mkmol/l-dən aşağıdır. Sidik turşusunun səviyyəsinin normadan yüksək olması "hiperurikemiya" adlandırılır.
Qanda sidik turşusunun səviyyəsi necə müəyyən edilir?
Qanda sidik turşusunun konsentrasiyası qan və sidik nümunələrinin laborator analizləri vasitəsilə müəyyənləşdirilir. Podaqralı pasiyentlərdə qanda sidik turşusunun göstəriciləri, adətən, 7 mq/dl-dən, çox zaman hətta 8 mq/dl-dən yüksək olur. Əksinə, sidikdə sidik turşusunun səviyyəsi normadan aşağı olur. Kəskin podaqra tutması zamanı, çox zaman qanda sidik turşusunun səviyyəsinin yüksəlməsi aşkar edilmir; iltihab göstəricilərinin səviyyələri isə, bir qayda olaraq, yüksək olur.
Sidik turşusunun səviyyəsi hansı səbəbdən yüksəlir?
Qanda sidik turşusunun səviyyəsinin normadan yüksək olması həm orqanizmdə sidik turşusunun həddən artıq miqdarda yaranması, həm də sidik turşusunun böyrəklər vasitəsilə orqanizmdən çıxarılmasının azalması səbəbindən baş verir. Sidik turşusunun səviyyəsinin yüksəlməsinin bir neçə mümkün səbəbi vardır, məsələn:
- Tərkibində purinlərin (purinlər sidik turşusuna qədər parçalanır) olduğu qida məhsulları ilə zəngin qida rasionu;
- Çox sayda hüceyrələrin parçalanması səbəbindən sidik turşusunun sintezinin artması;
- Böyrəklər tərəfindən sidik turşusunun qeyri-kafi filtrasiyası və orqanizmdən çıxarılması.
Podaqralı pasiyentlər sidik turşusunun səviyyəsi haqqında nələri bilməlidirlər?
Podaqralı pasiyentlərdə qanda sidik turşusunun konsentrasiyası 6 mq/dl-dən (hətta ağır dərəcəli podaqralı pasiyentlərdə 5 mq/dl-dən) aşağı olmalıdır. Bu məqsədə nail olmaq üçün sidik turşusunun səviyyəsini azaldan preparatların istifadəsi nəzərdən keçirilməlidir.
Sidik turşusunun səviyyəsini necə azaltmaq olar?
Sidik turşusunun səviyyəsini azaltmaq üçün bir sıra imkanlar var – onlardan ən əsası, purinlə zəngin olmayan qida rasionuna keçməkdir.
- Çox doyumlu yeməklər yeməməyə, ac qalmamağa və susuzlaşmamağa çalışın.
- Gündə ən azı iki litr maye qəbul edin.
- Spirtli içkilərin qəbulunu dayandırın.
- Sağlam pəhriz və çoxlu fiziki hərəkətlər vasitəsilə piylənməni və artıq çəkini tədricən azaldın. Fiziki fəaliyyət sidik turşusunun səviyyəsini aşağı salmağa kömək edir. Sidik turşusunun səviyyəsinin azaldılması üzrə müalicə də zəruridir. Bu dərmanlar həkim tərəfindən təyin edilə bilər.