Hansı analizlər podaqra diaqnozunun qoyulmasına kömək edir?
Həkiminiz podaqradan şübhələndikdə, xəstəliyin diaqnozunun qoyulması üçün fiziki müayinələrdən əlavə diaqnostik analizlərdən də istifadə edəcəkdir. Kliniki cəhətdən podaqra diaqnozu sürətlə inkişaf edən monoartikulyar artrit (bir oynağı zədələyir) əsasında təyin edilə bilər ki, bu da, bir qayda olaraq, ayaq baş barmağı oynağının şişməsi və qızarması şəklində özünü büruzə verir. Oynaq toxumalarının ətrafında formalaşan və "tofuslar" adlandırılan sidik turşusu kristallarının yığıntıları da podaqranın diaqnostik əlamətidir.
Qan analizləri
Qanda sidik turşusunun səviyyəsinin yüksəlməsi və xəstəliyin iltihab mərhələsi qan analizləri vasitəsilə müəyyən edilə bilər.
Sağlam insanlarda sidik turşusunun səviyyəsi qan zərdabının hər 100 ml-də 3-6 mq təşkil edir. Qan zərdabının hər 100 ml-də sidik turşusunun səviyyəsinin 6,5 mq-dan yuxarı olması hiperurikemiya adlandırılır.
Qan analizinin podaqra diaqnozunu tam təsdiq edə bilməməsinə baxmayaraq, qanda sidik turşusunun səviyyəsi diaqnozun müəyyən edilməsi və sidik turşusunu azaldan dərmanlara qarşı cavab reaksiyasının ölçülməsi üçün əhəmiyyət kəsb edir. Qanda sidik turşusunun səviyyəsinin 6 mq/dl-dən və ya 360 mkmol/l-dən yuxarı olması podaqra diaqnozunu təsdiq edir.
Bundan əlavə, qanda iltihabın göstəriciləri podaqra diaqnozunun qoyulması üçün əlavə sübut rolunu oynayır. Bu göstəricilərə aşağıdakılar daxildir:
- C-reaktiv zülalın səviyyəsinin yüksəlməsi;
- Leykositlərin artması.
Oynaq mayesinin müayinəsi
Podaqranın yayılmış diaqnostika metodlarından biri də iltihablaşmış oynağın sinovial mayesindən (oynaqları yağlamağa və qorumağa kömək edən maye) nümunənin götürülməsidir.
Bu maye mikroskop altında sidik turşusu kristallarının mövcud olub-olmaması baxımından müayinə edilir. Əgər mayedə kristallar vardırsa, birmənalı olaraq podaqra diaqnozu qoyula bilər. Bəzən, sinovial maye nümunəsinin götürülməsi məqsədəuyğun olmur və bu halda, həkim podaqra diaqnozunu digər amillər, o cümlədən, ağrı tutmaları, ailə anamnezində podaqranın olması, qanda sidik turşusunun səviyyəsinin yüksəlməsi əsasında qoyacaqdır. İltihablaşmamış nahiyələrdə də sidik turşusu kristallarının aşkar edilməsi podaqra diaqnozunu təsdiq edə bilər.
Qabaqcıl görüntüləmə metodları
Yüksək çözümlü çoxqatlı skannerlərdən istifadə edən maqnit-rezonans tomoqrafiyası (MRT), kompüter tomoqrafiyası (KT) kimi görüntüləmə metodları və ultrasəs müayinəsi (USM) podaqra xəstəliyinin diaqnostikasına yeni cür nəzər salmağa səbəb oldu.